Yardım qrupları Keniyada mübahisəli seçkilərdən sonrakı zorakılıqlar səbəbilə didərgin düşmüş 250 min insana yardımı artırırlar. BMT-nin Dünya Ərzaq Proqramının bildirdiyinə görə, bu gün 670 ton ərzaq doldurulmuş 20 yük maşını Mombasa limanını tərk edib. Yük maşınları Nayrobi və Eldoretə istiqamətlənib. Maşınların sürücüləri polis müşaiyəti olmadan Mombasa limanından çıxmaqdan imtina ediblər. Bununla yanaşı, Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti keniyalı qaçqınların ərzaq və sığınacaq əldə etməsi üçün 13 milyon dollar ayırıb. Keniyada mübahisəli seçkilərdən sonra baş qaldıran zorakılıqlar zamanı 350 adam həlak olub. Ölkə prezidenti dünən milli birlik hökumətinin yaradılmasına hazır olduğunu deməsinə baxmayaraq, müxalifət onun istefasında israr edir.