Prezident Buş bu gün Ağ Evdə keçirdiyi mətbuat konfransında İraqda müəyyən tərəqqiyə nail olunmasına baxmayaraq bu ölkədə siyasi inkişaflardan razı olmadığını deyib. Cənab Buş bildirib ki, Birləşmiş Ştatlar siyasi birliyə nail olunması və islahatların həyata keçirilməsi səylərini davam etdirəcək.
Əfqanıstanda vəziyyətə toxunan ABŞ prezidenti deyib ki, Birləşmiş Ştatlar, Əfqanıstan və NATO qüvvələri Taliban yaraqlılarına ağır zərbələr endirib. Prezident Buş ABŞ-ın Əfqanıstanda strategiyasını nəzərdən keçirməyin məntiqə uyğun olduğunu əlavə edib.
Mətbuat konfransı zamanı ABŞ prezidenti Rusiyanın demokratiya yolunda qalacağına ümid bəslədiyini deyib. O, azad seçkilər və müstəqil mətbuatın əhəmiyyətini vurğulayıb.
Cənab Buş Amerika hərbi qüvvələrinin İraqdan çıxarılması üçün vaxt müəyyən edilmədən orduya büdcə ayıran Konqresə razılığını ifadə edib.