İzmir sahillərində 51 cəsəd aşkar edilib

Türkiyə rəsmilərinin bildirdiyinə görə, qayıqlarının tufanlı sularda batması nəticəsində Türkiyənin qərb sahilindən kənarda ən azı 51 mühacir boğulub. Rəsmilər deyirlər ki, 15 metr uzunluğunda olan qayıq Avropaya 85 mühacir aparırkən Egey dənizində batıb. Bazar günü 2 fələstinli daxil olmaqla, 6 adamı xilas etmək mümkün olub. Başqa miqrantların Somalidən və İraqdan olduğu güman edilir. 51 cəsəd dünən İzmir sahillərində aşkar edilib. Təxmin edilir ki, ölənlərin sayı artacaq. Asiya və Afrikadan gələn mühacirlər tez-tez Türkiyəyə daxil olaraq oradan Avropaya mühacirət etməyə çalışır.