Sorğu-sual metodları nümayiş etdirilən video-yazılar sıradan çıxarılıb

ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Maykl Heyden terrorizmdə şübhələnilən iki şəxsin sorğu-suala çəkildiyi nümayiş etdirilən video-yazıların sıradan çıxarıldığını deyib. O bunu kasetlərin ictimaiyyətin əlinə keçəcəyi və dindirilən şəxslərin kimliyinin acıqlanacağından ehtiyat edilməsi kimi izah edib. Maykl Heyden bu açıqlmanı 2005-ci ildə sıradan çıxarılan kasetlər barədə New York Times qəzetinin məlumat yaymasından sonra Mərkəzi Kəşfiyyat Agentliyinin işçiləri və mətbuata verib. O deyib ki, Nümayəndələr Palatası və Senatın nəzarət komitələrinə saxlanılan və sıradan çıxarılan video-yazılar barədə hesabat verilir. Maykl Heyden dindirilmələrin 2002-ci ildə prezident Buşun suda boğmalar da daxil edilməklə, sorğu-sual metodlarına dair qərarı təsdiq etməsindən sonra lentə alınmağa başladığını bildirib. Tənqidçilər boğma metodunu işgəncə kimi qiymətləndirir. Heyden sorğu-sualların qanuni standartlara uyğun şəkildə keçirildiyindən əmin olmaq üçün bu videolara ehtiyac olduğunu deyib.