Livanın prezident seçkiləri yenidən təxirə salınıb

Livanın prezident seçkiləri 7-ci dəfə təxirə salınıb. Belə ki, qanunvericilər gələcək hökumətin təşkili və hərbi qüvvələrin baş komandanı general Mişel Süleymanın seçilməsini mümkün edən konstitusiya düzəlişi ilə bağlı razılıq əldə edə bilmirlər. Parlament spikerinin sözçüsü bu günə təyin edilən sessiyanın dekabrın 11-nə keçirildiyini deyib. Beləliklə rəqib siyasi liderlərə konsensus əldə etmələri üçün əlavə vaxt verilir. Dünən BMT-nin baş katibi Ban Ki Mun müxbirlərə Livan liderləri ilə danışdığını və onlara indi kabinet üzvlərinə görə narazılıq yaratmaq vaxtı olmadığını söylədiyini bildirib.