Navaz Şərif parlament seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib

Pakistanın sabiq baş naziri Navaz Şərif yanvarda keçiriləcək parlament seçkilərində iştirak etmək üçün bu gün sənədləri təqdim edib və qeydiyyatdan keçib. Sənədləri təqdim etməzdən əvvəl Lahorda çıxış edən cənab Şərif bildirib ki, o, prezident Pərviz Müşərrəfin rəhbərliyi altında təşkil edilən heç bir koalisiyaya daxil olmayacaq.

Cənab Şərif Lahora dünən Səudiyyə Ərəbistanından gedib. O, son 7 ili orada mühacirət həyatı yaşamışdı. Aeroportda iri izdiham qarşısında çıxış edən cənab Şərif deyib ki, o, vətənini xilas etmək üçün Pakistana qayıdıb. Sabiq baş nazir general Müşərrəfin elan etdiyi fövqəladə vəziyyəti azad seçkilərə maneə adlandırıb. Cənab Şərif demokratiyanın bərpa edilməsinə səsləyib.