ABŞ-ın 5 min əsgəri gələn ay İraqdan çıxarıla bilər

ABŞ ordusunun bildirdiyinə görə, İraqda təhlükəsizliklə bağlı vəziyyətin yaxşılaşması gələn ay beş min ABŞ əsgərinin geri çağırılmasına imkan verir. Dünən ordu sözçüsü Admiral Qreqori Smit Diyala vilayətində əməliyyatlar aparan ordu birqadasının evlərinə qayıdacağını demişdi. Onların yerinə isə İraqda olan başqa qüvvələr yerləşdiriləcək.

ABŞ rəsmilərinin sözlərinə görə, İraqda təhlükəsizliklə bağlı vəziyyət imkan versə, iyul ayına kimi 20 min Amerika əsgəri ölkədən çıxarıla bilər.

Başqa bir xəbərdə isə, bomba yerləşdirilmiş avtomobilin Bağdadda tibbi kompleks yaxınlığında partlaması nəticəsində 9 nəfərin öldüyü, ən azı 30 nəfərinsə yaralandığı bildirilir. Paytaxtda polis patrulunu hədəf alan digər partlayışda 2 mülki vətəndaş yaralanıb. Bunlara baxmayaraq, son aylarda İraqda zorakılıq faktları azalıb.