Pakistanın müxalifət tərəfdarı İmran Xan həbs edilib

Pakistan polisi müxalifət tərəfdarı İmran Xanın həbs edildiyini bildirib. Polisin dediyinə görə, İmran Xan bu gün etiraz aksiyası keçirmək məqsədi ilə Lahor şəhərindəki Pəncab Universitetinin tələbə düşərgəsində həbs edilib. İki hətəyə yaxındır ki, Pərviz Müşərrəfin fövqəladə vəziyyət elan etməsindən sonra kiçik bir müxalifət partiyasına başçılıq edən Xan qaçaq düşmüşdü. Qeyd edək ki, sabiq baş nazir və müxalifət lideri Benəzir Bhutto hələ də Lahorda ev dustağıdır.

Pakistandan alınan digər xəbərdə deyilir ki, ölkənin şimal-qərbindəki Svat Vadisində hərbiçilər vertolyotlardan istifadə edərək keçirdikləri əməliyyat nəticəsində azı 16 yaraqlı öldürülmüş, 4-ü isə həbs edilmişdir.

Xatırladaq ki, Svat Vadisinin bir neçə yaşayış mənqtəqəsi bu yaxınlarda Taliban yönümlü Mövlana Fəzlullahın nəzarəti altına keçmişdi.