İsrailin baş naziri və fələstinlilərin prezidenti arasında növbəti görüşə hazırlıqlar gedir

İsrail rəsmiləri bildiriblər ki, baş nazir Ehud Olmert bu həftə fələstinlilərin prezidenti Mahmud Abbasla görüşü zamanı Yaxın Şərqə dair sülh konfransında açıqlanacaq birgə bəyanat üzərində işləyəcək. Rəsmilərin bildirdiyinə görə, cənab Olmert cənab Abbası çərşənbə axşamı günü Qüdsdəki evində qarşılayacaq. Bu, İsrail və Fələstin liderlərinin son aylar ərzində altıncı görüşü olacaq. Onlar arasında sentyabrın 10-da keçirilmiş son görüş zamanı ABŞ-ın vasitəçiliyilə keçiriləcək konfransda birgə bəyanatın mətninin hazırlanması üçün işçi qrupun yaradılması haqda razılıq əldə edilmişdi. ABŞ prezidenti Corc Buş noyabr ayına təyin olunmuş konfransın Fələstin dövlətinin yaradılması ilə nəticələnəcək sülh danışıqlarının tam bərpasına təkan verməsini istəyir. Keçən həftə cənab Buş BMT Baş Assambleyasının sessiyası çərçivəsində cənab Abbasla görüşmüşdü. Mahmud Abbas bildirmişdi ki, o, sülh konfransının daimi status və sülh məsələləri ətrafında müzakirələrə gətirib çıxaracağına ümid bəsləyir.