Təbrizli fəal Əmir Abbas yenidən Ettelaat idarəsinə aparılıb

Hüquq müdafiəçiləri Təbrizli fəal Əmir Abbas Bənayi Kazımın durumu ilə bağlı ciddi narahatlıqlarını ifadə edirlər.

Üç aydan artıqdır ki, həbsdə olan və məhkəməsiz Təbriz zindanında saxlanılan Əmir Abbas Bənaye Kazımi yenidən SEPAh İslam İnqilabının Keçikçiləri Qrupunun təcridxanasına aparılıb. Azərbaycanlı siyasi məhbusları müdafiə Assosiasiyasının rəhbəri Faxtə Zamani Təbrizli fəalın həyatının təhlükədə olduğu ilə bağlı narahatlığını bildirib.

Xanım Zamani Əmir Abbasın durumu ilə bağlı Beynəlxalq Amnistiya, BMT İnsan Haqları üzrə Ali Komissarlığı və işgəncə əleyhinə mübarizə mərkəzlərinə məlumat çatdırıldığını bildirib.

Xatırladaq ki, məhbusun anası Cəmilə Kazımi Amerikanın səsinə müsahibəsində oğlu ilə Təbriz həbsxanasında olarkən görüşdüyünü və onun saçlarının dartılaraq çıxarıldığını, dişlərinin sındırıldığını və digər ağır işgəncələrə məruz qaldığını bildirib.

Digər Təbrizli fəal - Çengiz Bəxtavər isə 15 aylıq həbs hökmündən apellyasiya şikayətinə ayrılan vaxt ərzində azadlığa buraxılıb. Mayın 20-dən bəri həbsdə olan Çengiz Bəxtavər bir neçə ay ittiham irəli sürülmədən həbsdə saxlanılmış, sonra isə haqqında müvəqqəti 2 aylıq həbs hökmü çıxarılmışdı.

Daha sonra müvəqqəti həbs hökmü ləğv edilsə də həbsdə saxlanılan Çengiz Bəxtavərin daha bir məhkəməsi keçirilmiş və haqqında 15 ay həbs və 6 ay ölkəni tərk etməyə qadağa hökmü çıxarılmışdı.

Çengiz Bəxtavərin oğlu Babək Amerikanın səsinə müsahibəsində 2 aylıq müvəqqəti hökmün ləğvinə atasının başladığı aclıq aksiyasının və hüquq müdafiəçilərinin səylərinin səbəb olduğunu deyib. Babək Bəxtavər atasının həbsdə ikən psixoloji işgəncəyə məruz qaldığını deyib.

Hazırda Çengiz Bəxtavər 15 aylıq həbs hökmü barədə verdiyi Apellyasiya şikayətinə baxılmasını gözləyir.