Qadın proqramı vaşinqtonluların seçki hüquqları uğrunda yorulmaz mübarizlərdən biri Eleonor Holms Nortona həsr olunub. Bu xanım indi Konqresdə səs hüququ olmayan nümayəndədir.
Üçüncü nəsil vaşinqtonlu olan xanım Norton uzun illər vətəndaş hüquqları və bərabər nümayəndəlik uğrunda mübarizə aparıb:
"Mənim babam Riçard Holms qaçmış qul idi. Bizim ailəmizin burdakı tarixi də elə belə başladı".
1937-ci ildə anadan olmuş Eleonor Norton qara və ağdərili uşaqların eyni məktəbə getmədiyi Vaşinqtonda boya başa çatıb:
"Mənim valideynlərim və şəhərim mənim kimi gəncləri elə böyüdürdülər ki, onlara qarşı ayrı-seçkiliyə yol verənləri sadəcə səhv edən insanlar hesab edək. Bizə hamını sevməyi, lakin seqreqasiyaya inananlara acımağı öyrədirdilər".
Norton Antioch Kolleci və Yale Universitetinin Hüquq fakultəsini bitirib. 1960-cı illərdə Amerika Vətəndaş Azadlıqları Birliyinin gənc hüquqşünası olaraq, Norton ABŞ Konstitusiyasının bərabər hüquqları təmin edib-etməməsi məsələsini sual altına qoyur. Onun Birliklə əməkdaşlığı Nyu Yorkun o zamankı merinin diqqətini cəlb edir və Eleonor Nortonu şəhərin İnsan Hüquqları Komissiyasına işə götürürlər.
1977-ci ildə isə prezident Karterin administrasiyası onu Vaşinqtona İşə Alınma üzrə Bərabər Hüquqlar komissiyasına rəhbərlik etməyə çağırır. 1990-cı ildə hüquq müdafiəçisi Kolumbiya dairəsini ABŞ Konqresində təmsil etmək üçün seçildikdən sonra siyasi karyerasına başlayır.
"Mən Konqress üzvü olmağa çalışmamışam. Bu şəhərin Konqresdə təmsilçisi yox idi. Bu ərazi Birləşmiş Ştatların prezidenti tərəfindən təyin edilən 3 nəfərlik komissiya tərəfindən bir müstəmləkə kimi idarə olunur. Bu, Amerika tarixində ən utanc gətirən səhifələrdən biridir".
Vaşinqtonun ABŞ Nümayəndələr Palatasında seçilmiş nümayəndəsi olaraq, Norton qanun layihələri təqdim edə, komitə iclaslarında iştirak, hətta sədrlik edə bilər, lakin hər hansı qanuna səs verə bilməz:
"Mənim təmsil etdiyim adamlar digər amerikalılarla bərabər hüquqlara malik deyillər,"- deyə o, şikayət edir.
Ötən noyabr ayında demokratlar Konqresdə üstünlük əldə edəndən bəri Eleonor Holms federal binaların idarə edilməsinə nəzarət edən alt komitəyə sədrlik edir.
Sessiya başa çatan kimi xanım Norton AİDSlə mübarizə konfransının keçirildiyi icma mərkəzinə tələsir.
Yaxşı ki, bizim dairədə tibbi sığortası olmayanlar üçün sistem fəaliyyət göstərir. Norton deyir ki, demokratiya şəraitində qanunların qəbulu kompromis tələb edir. Odur ki, müxalifətlə ortaq məxrəcə gəlmək lazım olur:
"Ölkəni irəli aparmaq üçün bir araya gəlmək lazımdır. Bəzən iş dalana dirənir. Bəzən bizim istədiyimiz kimi sürətlə inkişaf etmir. Lakin hər dəfə fikir ayrılığı olanda sistemin məhv olmaması bizim böyük demokratiya içində yaşadığımıza dəlalət edir".
Eleonor Norton doqquz dəfə Vaşinqtondan konqressə müşahidəçi üzvü seçilib.