Kosovo liderləri əyalətin müstəqilliyini noyabrda elan etmək istəyir

Kosovonun baş naziri Agim Ceku bildirib ki, Serbiyanın separatçı əyaləti Noyabrın 28-dək müstəqilliyini elan etməlidir. Cənab Cekunun sözlərinə görə, bu addımın atılmasına səbəb BMT-nin regionun statusunu həll edə bilməməsidir.

Baş nazirin bu bəyanatından bir neçə saat sonra BMT Təhlükəsizlik Şurası üzvləri Kosovonun gələcək statusu ilə bağlı qətnamə layihəsini müzakirə edəcək. Rusiya layihəni veto edəcəyini deyib.

ABŞ dövlət katibi Kondoliza Rays bildirib ki, Kosovo hansı yolla olursa olsun, müstəqil olacaq. Kosovo rəsmilərinin gələn həftə Kondoliza Raysla görüşü gözlənilir.