Konqresdə ABŞ-ın Azərbaycan, Misir və Kuba siyasəti tənqid olunub

Birləşmiş Ştatların demokratiya və insan hüquqları ilə bağlı siyasətində ikili standartları nümayiş etdirmək üçün “İdeallar reallığa qarşı” adlanan dinləmələrdə üç ölkə - Misir, Kuba və Azərbaycan nümunə gətirilmişdi.

Dinləmələrə sədrlik edən demokrat konqresmen Bil Delahant hər üç ölkədə avtoritar rejimlərin bərqərar olduğunu, insan haqlarının pozulduğunu, lakin yalnız Kubanın Birləşmiş Ştatlar tərəfindən sanksiyalara məruz qaldığını bildirdi.

O, Kubada mümkün hakimiyyət dəyişikliyini şərh edən dövlət katibi Kondoliza Raysın, “Birləşmiş Ştatların hakimiyyətin bir diktatordan başqasına keçidinə dözmək niyyəti yoxdur” sözlərini sitat gətirdi. Konqresmen Delahant bir sıra ölkələrdə Birləşmiş Ştatların bunu etdiyini bildirir: “Amma Azərbaycanda həmin ölkənin diktatorunun oğlu İlham Əliyev Dövlət Departamentinin özünün saxta adlandırdığı seçkilər nəticəsində prezident olanda Azərbaycanda biz elə məhz bunu etdik. İlham Əliyev Corc Buş tərəfindən Vaşinqtonda salamlandı. Misirdə də eyni şey baş verir”.

Dinləmələr boyu Corc Buşun insan hüquqlarının pozulduğu müxtəlif ölkələrin rəhbərləri ilə şəkillərini göstərən konqresmen Delahant “Birləşmiş Ştatlar prezidentinin bu diktatorların əlini sıxıb şəkil çəkdirməsi ideallara qarşı həddindən artıq böyük kompromiss deyilmi?” deyə sual edirdi. Lakin qoyulan suallardan biri də “strateji maraqları bu ölkələrlə əməkdaşlığı tələb etdiyi halda Birləşmiş Ştatların rəhbərliyi necə hərəkət etməlidir?” idi.

Amerikanın inkişafı uğrunda mərkəzin baş əməkdaşı Morton Halperinin fikrincə, çıxış yolu şəxsi ünsiyyətdə çox uzağa getməmək, görüşlərdə insan haqları ilə bağlı məsələlərin hər zaman vurğulanması və dissidentlər və insan hüquqları fəallarına dəstəyin artırılmasıdır.

Azad Kuba uğrunda Mərkəzin icraçı direktoru Frank Kalzon sual edir: “Anqola, Çin, Səudiyyə Ərəbistanı, Rusiya, Misir, Çin, Azərbaycan kimi insan haqlarını ən çox pozulduğu ölkələr niyə BMT İnsan Haqları Şurasının üzvləridir?”

Onun sözlərinə görə, insan haqlarını pozan ölkələr Şurada Kuba və Belarusla bağlı xüsusi təhqiqatın aparılması üzrə sənədin əleyhinə səs vermişdilər.

Freedom House təşkilatının icraçı direktoru Cenifer Vindzor deyir ki, Misir, Kuba və Azərbaycanda hakimiyyət əsas siyasi və mülki hüquqlara hörmət qoymur. Ancaq ötən ilin aprelində Buş administrasiyası ilə Azərbaycanın münasibətləri yeni, isti mərhələyə qədəm qoyub.

Cənab Halperin Minilliyin çağırışı proqramını misal gətirərək, iqtisadi təşviq üsullarından istifadənin Azərbaycan kimi ölkələrdə demokratiyanın inkişafına müsbət təsiri ola biləcəyini dedi.

Buş administrasiyası Minilliyin çağırışı proqramına daxil edilmək üçün ölkələrdən insan hüquqları və iqtisadi sahələrdə islahatlar tələb edir və Azərbaycan kimi ölkələrdən bu şərtlərə əməl etyməsini tələb edir.

Qeyd edək ki, dinləmələrə müxtəlif lobbi təşkilatlarından təqdim olunan sənədlər də komitənin hazırlayacağı yekun tövsiyyələrə təsirini buraxacaq. Onlardan biri Bob Laurens və tərəfdaşları şirkətinin təqdim etdiyi sənəddə Azərbaycanda insan hüquqları sahəsində irəliləyişin olduğu qeyd edilir. Daha bir sənəd isə Amerika Ermənilərinin Milli Komitəsi tərəfindən təqdim olunub.