Belqrad BMT qətnamə layihəsini tamamilə rədd edir

Kosovonun baş naziri Agim Ceku BMT Təhlükəsizlik Şurası əyalətin statusu ilə bağlı qətnamə layihəsini qəbul edə bilməsə, Avopa Birliyini birtərəfli qərarlar verməyə çağırıb.

Kosovo lideri bunu Brüsseldə Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Havyer Solana ilə görüşdən sonra deyib. İttifaqın rəsmisi isə qərarların BMT Təhlükəsizlik Şurasından gözlənildiyini deyib.

Yeni qətnamə layihəsi Serbiya rəsmiləri və Kosovonun alban liderləri arasında danışıqlar üçün əlavə 120 gün vaxt verir. Lakin danışıqlar razılaşma ilə nəticələnməsə, sənəd Kosovonun müstəqilliyinin avtomatik olaraq tanınmasını təmin etmir.

Serbiya baş naziri Voislav Koştunisa bu gün bildirib ki, Belqrad yeni layihəni qətiyyətlə rədd edir, çünki o Kosovonun müstəqilliyinə hazırlıqdır. O deyib ki, Birləşmiş Ştatlar rəsmilərinin bəyanatlarına baxmayaraq, Kosovo heç zaman müstəqil olmayacaq.

Birləşmiş Ştatların dövlət katibinin yardımçısı Deniel Frid deyib ki, hətta Rusiya əyalətin gələcək statusu ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoysa belə Kosovo müstəqil olacaq.