BBC jurnalisti azadlığa buraxıldı

Təxminən 4 ay bundan əvvəl Fələstin yaraqlıları tərəfindən girov götürülmüş BBC jurnalisti Alan Conston azadlığa buraxıldı. Amerikanın Səsinin müxbiri Robert Bergerin reportajında bildirilir ki, BBC jurnalisti Qəzzada nəzarəti əlinə almış Həmas qrupunun köməkliyi ilə azad edilib.

Dörd aya yaxın girovda saxlanılan Alan Conston yorğun və zəif görünürdü. Conston Qəzzada keçirdiyi mətbuat konfransında çıxış edərkən, orada psixoloji təzyiqlərin və gərginliyin çox böyük olduğunu dedi. Keçən həftə onu girov saxlayan İslam Ordusu Constonun belinə partlayıcı maddə bağlanmış kəmərlə çəkilmiş video lenti göstərəndə, onun həyatı ciddi təhlükə altında idi. O, son 16 həftədə həyatının bir neçə dəfə təhlükə qarşısında olduğunu dedi.

Lakin keçən ay Həmas Qəzzada vətəndaş müharibəsi yolu ilə nəzarəti əlinə alandan sonra Conston azad edildi. Conston azadlığa çıxmağın çox gözəl olduğunu və yuxudan azad bir insan kimi oyanmaq arzusu ilə yaşadığını dedi.