Vatikan Çində din azadlığına səsləyir

Roma papası XVI Benedikt Çindəki Katolikləri Vatikanın səlahiyyəti altında birləşməyə səsləmiş və Pekini din azadlığına qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırmışdır. Vatikanda çap edilmiş və uzun müddət gözlənilən 30 səhifəlik məktubunda pontif yalnız Romaya sədaqəti olan yepiskopları təyin etmək azadlığının vacibliyini vurğulayır. O, deyir ki, Çinin dövlət tərəfindən təyin edilən yepiskoplarını Vatikan tanıya bilməz. Lakin papa Çin hökuməti ilə razılıq əldə edəcəyinə ümid bəslədiyini izhar edib. Belə ki, dövlətin nəzarəti altında olan kilsələrdə milyonlarla Çinli ibadət edir. Kommunist Çin Vatikanla əlaqələri 1951-ci ildə kəsib. Rəsmi Pekin ölkədə Roma Katolik kilsəsinin səlahiyyətlərini tanımır.