İraq Ali Tribunalı Səddam Hüseynin “Kimyəvi Əli” ləqəbi ilə tanınan əmisi oğluna 1980-ci illərdə kürdlərə qarşı soyqırım kampaniyasına görə ölüm hökmü çıxarıb. Əli Həsən əl Məcidə kimyəvi ləğəbi onun kürd şəhəri Hələbcəyə 1988-ci ildə zəhərli qazla hücum etdiyinə görə verilib. Məhkəmə həmçinin iki başqa müttəhim, İraq hərbi qüvvələrinin sabiq komandan müavini Rəşid Məhəmməd və sabiq Müdafiə naziri Sultan Həşim Əhməd əl-Taya da ölüm hökmü oxuyub. Başqa iki kəşfiyyat agentinə isə ömürlük həbs cəzaları verilib. Məhkəmə kifayət qədər dəlilin olmadığı üçün Mosulun sabiq qubernatoruna qarşı ittihamlara xitam verib.