Livan hökumətinin fələstin qaçqın düşərgəsindəki yaraqlıları məğlub etdiyini elan etməsindən bir gün sonra bu gün düşərgədə yenidən atəş səsi eşidildiyi barədə xəbərlər verilir.
Şahidlər həmçinin ara-sıra partlayış səslərinin gəldiyini və Tripoli yaxınlığındakı Nəhr əl Bared düşərgəsinin üzərindən tüstü qalxdığını bildiriblər.
Cümə axşamı Livanın müdafiə naziri İlyas Əl Murr deyib ki, bir aydan çox sürən əməliyyatdan sonra düşərgədəki Əl Qaidə tərəfindən təşviq olunan Fətah əl İslam yaraqlıları məğlub edilib. Lakin o bildirib ki, bütün yaraqlılar təslim olmayana qədər ordu düşərgənin mühasirəsini davam etdirəcək.
Fələstinli vasitəçi Fətah əl İslamın atəşkəs elan etdiyini və döyüşlərin başa çatması barədə Livanın elanını alqışladığını deyib. Mayın 20-dən düşərgə və onun ətrafında gedən döyüşlərdə yarısı əsgər olmaqla 140 nəfər həlak olub.