Şimali Koreya beynəlxalq nüvə müfəttişlərini ölkəyə dəvət edir

Şimali Koreya əsas nüvə reaktorunun bağlanmasını müzakirə etmək üçün BMT nüvə inspektorlarına dəvət məktubu göndərib.

Şimali Koreya atom enerjisi agentliyinin rəhbəri Ri Je Sonun məktubunda deyilir ki, müfəttişlər Yonbyon nüvə reaktorunun bağlanmasına nəzarət mexanizmini müzakirə üçün dəvət olunurlar. Nüvə reaktorunun bağlanması ilə bağlı razılıq Fevral ayında əldə edilmişdi, lakin Makau bankında dondurulmuş vəsaitin azad olunması ilə bağlı Pxenyanın irəli sürdüyü şərtlər razılaşmanın yerinə yetirilməsini yubadırdı.

Bu gün ABŞ-ın nüvə məsələləri üzrə elçisi bildirib ki, əvvəllər qadağa qoyulan Şimali Koreya vəsaitləri indi Rusiyadadır, lakin texniki problemlər pulun Şimali Koreyanın hesabına ötürülməsini yubadır. Cümə günü Ulanbatorda juranlistlərlə danışan cənab Kristofer Hill deyib ki, Şimali Koreya vəsaiti aldıqdan sonra dərhal Fevralda əldə edilmiş razılaşmanın şərtlərini yerinə yetirməlidir.