ABŞ Avropada planlaşdırdığı qurğuları  Qəbələ radar qurğusu ilə əvəzləməyəcək

ABŞ müdafiə naziri bu gün Rusiyalı həmkarına bildirib ki, Birləşmiş Ştatlar özünün Şərqi Avropada planlaşdırdığı qurğuları Moskvanın təklif etdiyi kimi, Azərbaycandakı radar qurğusu ilə əvəzləməyəcək.

Cümə axşamı Brüsseldə NATO müdafiə nazirlərinin toplantısı çərçivəsində keçirilən görüş zamanı Robert Geyts deyib ki, Azərbaycandakı radar əlavə imkan olaraq nəzərdən keçirilə bilər, amma Polşa və Çex Respublikasında quraşdırılması planlaşdırılan raket interseptorlarının əvəzinə istifadə edilə bilməz.

Toplantının nəticələrinə əsasən, NATO Birləşmiş Ştatların planlarını dəstəkləyir. Geyts gələn ay ABŞ prezidenti Corc Buş və Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək görüşdən öncə hər hansı bir razılaşmanın mümkünlüyünə şübhə ifadə edib.