Prezident Buş iqlim dəyişikliyinə qarşı mübarizə strategiyasını müəyyənləşdirməyi vacib sayır

Prezident Buş böyük səkkizliyə daxil olan sənayesi inkişaf etmiş ölkələrə ticarət, davamlı inkişaf və iqlim dəyişikliyi mövzularında yardımçı olmağın Birləşmiş Ştatların marağına uyğun gəldiyini deyib.

Bu gün ənənəvi həftəlik radiomüraciətində prezident Buş bu məsələləri böyük səkkizliyin digər üzvləri ilə Almaniyada gələn həftə keçiriləcək görüş zamanı müzakirə edəcəyini deyib.

Cənab Buş həmçinin administrasiyasının bu həftə irəli sürdüyü “dünyada sülh və imkanlar” təşəbbüsü barədə danışıb.

O həmçinin Darfurda davam edən soyqırımla bağlı Sudana qarşı sanksiyaları sərtləşdirmək barədə qərarına da toxunub.

Prezident Buş Afrikada AİDS-lə mübarizə üçün Konqresdən yardımı iki dəfə artıraraq 30 milyard dollara çatdırmağı xahiş etdiyini deyib.

Prezident ABŞ və digər ölkələrin parnik qazı tullatılarını azaldaraq iqlim dəyişikliyi ilə mübarizədə uzunmüddətli hədəflərini müəyyənləşdirməyin vacibliyindən danışıb.

Lakin demokratların həftəlik radiomüraciətə cavabını səsləndirən konqressmen Ed Marki cənab Buşun qlobal istiləşmə ilə bağlı yeni siyasətini tənqid edərək, bunu “təxirəsalmadan imtina”dan qaçmaq kimi qiymətləndirib. Marki Massaçusets ştatını təmsil edir və Konqresin qlobal istiləşmə üzrə komissiyasına rəhbərlik edir.