İran Azərbaycanı ayaqda

Təbrizdə on mindən artıq adamın iştirakı ilə keçirilib. Ölkə boyu yüzlərlə həbs olunan, onlarla yaralanan var

Bu gün İran Azərbaycanının bir çox şəhərlərində 2006-cı il 1 Xordad, 22 may aksiyalarının ildönümü ilə əlaqədar nümayişlərin qarşısını almaq üçün ordu qüvvələri yeridilib. Buna baxmayaraq, Təbrizdə izdihamlı nümayişin keçirilməsi mümkün olub. Təbriz fəallarından aldığımız məlumata görə, saat 6-da Təbrizin Bazarağzından başlayan yürüş polis basqılarına baxmayaraq bir saat davam edib.

"Yaşasın Azərbaycan" və "Türk dilində mədrəsə" şüarları qışqırılıb. Təkadamlıq motosikletlərdə və piyada məmurlar kütlənin üzərinə hücum edib, dəyənəklə döyülənlərdən əlavə, çoxlu sayda adamın motosikllərin təkərləri altında əzilərək xəstəxanaya aparıldığı bildirilir. Təbriz fəallarından biri Hüseyn Təbrizli hadisə yerindən servisimizə məlumat verib.

Həbs olunanların sayı onlarladır. İnsan hüquq müdafiəçiləri məlumatları dəqiqləşdirirlər.

Qeyd edək ki, aksiyalardan əvvəlki günlərdə də xeyli sayda həbslər olub. ASMEK Azərbaycanlı siyasi Məhbusları müdafiə komitəsi son həftə və bu gün ərzində həbsə alınanların sayının 200-ü keçdiyini bildirir. ASMEK dünən Miyandab - Qoshachayda 10-larla siyasi fəalın evinə basqın olduğunu, axtarış aparıldığını bildirir. Bu şəhərdə ən azi 30 nəfər tutulubş

Ərdəbil, Əhər və Marağada telefon rabitəsində problemlər müşahidə olunub və fəallarla əlaqə kəsilib. Bəzi şəhərlərdə təhlükəsizlik qüvvələri aksiyaların qarşısını ala biliblər. Zəncanda baş verənlər barədə jurnalist Reza Abbasidən məlumat almışıq.

Mayın 24-ə mitinqin təyin olunduğu Nəqədeh şəhərində Mahabad- Bukan- Saqqız ve Sənəndəcdən minlərlə əsgərin gətirildiyi bildirilir. Şahidlər minlərlə əsgərin bölgəyə yerləşdirildiyini deyirlər.

Xəbərlərə əsasən, Mayın 21-də Sulduza 3 təyyarə ilə də əsgərlər gətirilib. Sulduzda son 10 gün ərzində 60 nəfərdən artiq tutulan var.

Urmiyədə də vəziyyətin ağır olduğu bildirilir. Bu şəhərdən məlumatları bir neçə saat bundan öncə jurnalist İsmayil Cavadidən almışıq.

Cənab Cavadinin sözlərinə görə, vəziyyətin ağır olmasına baxmayaraq Urmiyəlilər aksiya yerinə gəliblər.

İsmayıl Cavadi aksiya öncəsi Urmiyədə İran rejiminin təbliğat aparatının da fəallaşdığını bidlirib.

Urmiyədən son məlumatı jurnalist İsmayıl Cavadidən İran vaxtı ilə axşam saat 8-də, Bakı vaxtilə saat 8.30-da almışıq. Onun sözlərinə görə, həmin zaman radio və televiziya binaları əhatədə olubb. Əhali küçələrdən evlərə çəkilsə də, vəziyyət gərgin olaraq qalır.

Tam reportajı audio-formatda dinləyin