Riza Abbasi: "Rəhbər Allah deyil ki, tənqid olunmaya"

Jurnalistin sözlərinə görə, İranda qeyri-fars millətlərin hüquqları pozulmaqda davam etdikcə, mübarizə də davam edəcək

Mayın 16-da Zəncan həbxanasında 11 ay həbsdə olduqdan sonra azadlığa çıxan jurnalist, Beynəlxalq Amnistiyanın siyasi məhbus kimi tanıdığı Riza Abbasi Amerikanın səsinə müsahibəsində ona qarşı irəli sürülən ittihamlar və insan hüquqlarının vəziyyəti barədə danışıb.

Zəncanda nəşr olunan Mərdome-No qəzetinin və bir sıra tələbə nəşrlərinin yazarı Riza Abbasi May hadisələrindən sonra, rejimə və İran İslam Respublikasının rəhbərinə qarşı təbliğat ittihamları ilə həbs olunmuşdu. Riza Abbasi özünü günahkar saymadığından ona təklif olunan əfv müraciətinə də imza atmaqdan imtina edib.

Cənab Abbasinin fikrincə, rejimin tənqidi heç bir halda günah sayıla bilməz. Beynəlxalq Amnistiya təşkilatının verdiyi məlumata görə, həbsdə ikən cənab Abbasinin məhbus hüquqları kobud şəkildə pozulub. May hadisələrindən söz açarkən cənab Abbasi bu etirazların heç də sadəcə karikaturaya etiraz olmadığını bildirdi. Riza Abbasinin sözlərinə görə, İranda qeyri-fars millətlərin hüquqları pozulmaqda davam etdikcə, mübarizə də davam etməlidir.

Tam reportajı audio-formatda dinləyin