ABŞ Dövlət Departamenti İnsan Hüquqları hesabatına yenidən dəyişiklik etdi

ABŞ Dövlət Departamenti öz insan haqları hesabatında Azərbaycan tərəfinin narazılığına səbəb olan və təhlükəsizlik danışıqları üçün Birləşmiş Ştatlara gəlməli olan nümayəndə heyətinin səfərini təxirə salması ilə nəticələnən dəyişikliyi yenidən redaktə edib.

Ermənistanın Dağlıq Qarabağı işğal altında saxladığı barədə fikirlər yenidən bu ölkə barədə bölümə salınıb.

Amerikanın səsi radiosu ilə müsahibədə Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri idarəsinin mətbuat katibi Çeys Bimer bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Dövlət Departamenti hesabatın əvvəlki dilini bərpa etmək qərarına gəlib.

Xatırladaq ki, Amerikanın səsi radiosuna müsahibəsində dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Mətyu Brayza Birləşmiş Ştatların münaqişə ilə bağlı mövqeyinin dəyişməz qaldığını demişdi:

"Bunu qeyd etmək çox vacibdir ki, bizim siyasətimiz heç bir dəyişikliyə uğramayıb. Bizim siyasətimiz heç bir halda, formada dəyişməyib. İlk növbədə biz Azərbaycanın ərazi bütpvlüyünü dəstəklədiyimizi bir daha vurğulayırıq. Bu məsələ heç vaxt sual altında olmayıb. Biz Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu heç bir zaman inkar etməmişik. Və Ermənistanda insan haqlarının vəziyyətinə dair hesabatın dilindəı dəyişiklik edilməsi heç bir halda bu cür anlaşılmamalıdır. Mən bu nəticəni çıxarmağa əsas verən hər hansı anlaşılmazlığa görə təəssüf edirəm. Bizim siyasətimiz dəyişməz qalır. Bizim siyasətimiz budur ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, biz heç zaman Qarabağın Azərbaycanın bütöv ərazisinin bir hissəsi olduğunu inkar etməmişik".