Beynəlxalq Amnistiya Hadi Musəvi ilə bağlı Tehrana müraciət edib

Beynəlxalq Amnistiya təşkilatı aprelin 12-də Azərbaycandan İrana deportasiya olunan Güney Azərbaycan Milli Oyanış Hərəkatının fəalı Hadi Musəvinin taleyi ilə bağlı İran hökumətinə sorğu göndərib.

Bu barədə məlumat verən GAMOH Bakı Bürosunun rəhbəri Ağrı Qaradağlı bildirib ki, Tehrana müraciətdə Hadi Musəvinin işi ilə bağlı məlumatın təşkilata və onun ailəsinə verilməsi xahiş edilir.

Bu arada Hadi Musəvinin məsələsi ilə bağlı müzakirələr GAMOH-da ciddi fikir ayrılıqlarına səbəb olub. Servisimizə verilən məlumatlara görə, GAMOH mərkəzi Komitəsinin bir sıra üzvləri Hadi Musəvinin İran xüsusi xidmət orqanları ilə əlaqələri olduğunu iddia edərək təşkilat rəhbərliyinin onu üzvlüyə alması və rəsmi Bakı ilə qarşıdurma obyektinə çevirməsinə etiraz ediblər.

Bundan doğan və təşkilatın lideri Mahmudəli Çöhrəqanlının nizamnaməyə sığmayan addımları barədə ittihamlarla müşayiət olunan müzakirələr bir neçə fəal hərəkat üzvünün istefası ilə nəticələnib.

Qeyd edək ki, GAMOH Bakı Bürosunun rəhbəri Ağrı Qaradağlı Hadi Musəvini 12 ildir tanıdığını əsasə gətirərək, onun İran xüsusi xidmət orqanları ilə hər hansı əlaqələri olduğu barədə məlumatları təkzib edib.

Bakıda fəaliyyət göstərən Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə siyasi mövqeyindən və keçmişindən asılı olmayaraq, Hadi Musəvinin deportasiyasının qeyri-qanuni olduğunu bildirir.

Əlövsət Əliyevin sözlərinə görə, Hadi Musəvinin qanunsuz deportasiyasına GAMOH lideri Mahmudəli Çöhrəqanlının son vaxtlar Azərbaycan prezidenti İlham Əliyevin əleyhinə kəskin şıxışları da səbəb ola bilərdi.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Miqrasiya İdarəsinin rəhbəri Şövqi Hadıyev deportasiya haqqında qərarın qanuni olduğunu bildirib.