Rusiya rəsmiləri Berezovskiyə qarşı yeni ittihamlar irəli sürüb

Rusiya rəsmiləri sürgündə olan milyardçı Boris Berezovskiyə qarşı yeni ittihamlar irəli sürüblər və prezident Vladimir Putini hakimiyyətdən devirmək çağırışından sonra Britaniyadan yenidən onun təhvil verilməsini istəyiblər. Prokurorlar Rusiyada hökumətin zorakı yolla devilrməsinə çalışdığı üçün bu gün ona qarşı cinayət işi qaldırıblar. Bununla yanaşı, ona qarşı 1990-cı illərdə şəriki olduğu Aeroflot hava yolları şirkətinə məxsus səkkiz milyon dolların mənimsənilməsi ilə bağlı ittiham irəli sürüblər.

Bu addımlar Berezovskinin Britaniyanın “Qardian” qəzetində məqaləsindəki şərhlərdən sonra atılıb. Berezovski deyib ki, Rusiyada rejim demokratik yolla deyil, yalnız güc yolu ilə dəyişdirilə bilər. O, Rusiyanın siyasi elitası ilə əlaqələri olduğunu deyib, lakin müttəfiqlərinin adlarını açıqlamaqdan imtina edib. Berezovski şərhlərinə aydınlıq gətirərək sonradan deyib ki, o, zorakılıqları rədd edərək dinc üsulların tərəfdardır.