ABŞ Konqresində tarixi qərar

Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatası ABŞ qoşunlarının 2008-ci il Avqustun sonuna kimi İraqdan geri çəkilməsini nəzərdə tutan qanunu təsdiq edib.

Səslər 218-in 212-yə nisbəti şəklində bölünüb. Səsvermənin nəticələri Konqresdə demokratların qələbəsi və prezident Buş üçün təhlükə kimi qəbul edilir.

Nümayəndələr palatasındakı respublikaçıların ikisi qanunun lehinə səs verdiyi halda, 14 demokrat "əleyhinə" səs verib. Bir respublikaçı və bir demokrat səs verməyiblər, bir demokrat nümayəndə isə bitərəf qalıb.

Səsvermədən sonra Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu günün tarixi əhəmiyyət daşıdığını və yeni Konqresin İraqda müharibənin başa çatdırılması istiqamətində ən ciddi addımı atdığını deyib.

Qanuna görə, fövqəladə xərclər büdcəsinə İraq və Əfqanıstanda müharibənin maliyələşdirilməsi üçün 124 milyard dollar, daxili proqramlar üçün isə 20 milyard dollardan artıq vəsait daxil edilib. Prezident Buş onun İraq müharibəsi ilə bağlı siyasətinə şərtləri nəzərdə tutan hər hansı qanunu veto edəcəyini bildirib.