İraqın səlahiyyətli nümayəndələri Səddam Hüseyn hakimiyyətinin sabiq vitse-prezidenti Taha Yasin Ramazanın ölüm hökmünün icra edildiyini bildirir. Onun edamı Birləşmiş Ştatların İraqa müdaxiləsinin 4-cü ildönümünə təsadüf edir.
1982-ci ildə 148 şiənin qətlində ittiham edilən Yasin Ramazanın bu gün sübh cağı, yerli vaxtla 3:05-də Bağdadaın şimalında yerləşən ordu və polis bazasında edam edilib. Qeyd edək ki, 70 yaşlı Ramazan bundan əvvəl ömürlük həbs cəzasına məhkum edilmişdi. Lakin İraqın apilyasiya məhkəməsi hökmün çox yüngül olduğunu deyərək, ona ölüm hökmü çıxarmışdı. Hakimin Ramazanın ölüm hökmünün asılmaqla icrasını elan etməsindən sonra müttəhim günahsız olduğunu demiş, ona qarşı ədalətsizliyə yol verənləri nalayiq sölərlə təhqir etmişdi.
Taha Yasin Ramazan Səddam Hüseyn hakimiyyəti dövründə Dücail kriminalında əli olduğuna görə edama məhkum edilən üçüncü yüksək vəzifəli şəxsdir. Beynəxlaq İnsan Hüququları Təşkliatları və BMT-nin İnsan Hüququları Komitəsinin rəhbəri Ramazanın ölüm hökmünə kifayət qədər dəlil əldə edilmədiyinə görə etiraz etmişdilər.
İraq hökuməti Ramazanın cəsədinin bu gün axşam ailəsinə veriləcəyini bildirib. Onu da qeyd edək ki, Taha Yasin Ramazan edam edilməzdən əvvəl Səddam Hüseynin yanında dəfn edilməsini istəmişdi.