İraq prezidenti Cəlal Tələbani Əmmanda maye çatışmazlığı və yorğunluqdan iki həftə müalicə olunduqdan sonra İordaniyadan İraqa qayıdıb.
İraq lideri bu gün döğma şəhəri Süleymaniyyəyə qayıdıb. O, fevralın 25-də yorğunluqdan şikayət edərək İordaniyaya aparılmışdı.
Digər xəbərlərə əsasən, ABŞ hərbi qüvvələrinin sözçüsü Uilyam Kolduell radikal şiə ruhanisi Muqtəda Əl Sədrin İranda olduğunu bildirib. ABŞ general mayoru Uilyam Kolduell bildirib ki, ötən ay Amerika İraq qoşunları geniş miqyaslı əməliyyatlara başladıqdan sonra təriqətlərarası zorakılığın qurbanların sayı əhəmiyyətli şəkildə azalıb.
Bu gün Kərkük yaxınlığındakı Tuz Xormato şəhərciyinin bazarında intiharçı bomba hücumu azı iki nəfərin ölümünə səbəb olub. Bağdadın qərbində isə polis bildirib ki, intiharçının öz maşınını İraq ordusunun yoxlanış məntəqəsinə çarpdırması nəticəsində iki mülki vətəndaş həlak olub.
Qəbilə başçıları bildirib ki, Səddam Hüseynin oğulları Uday və Kusayın qəbirləri ölkənin keçmiş liderinin Oucadakı qəbrinin yanına köçürülüb. Səddam Hüseyn Dekabrda asılıb. Onun oğulları isə 2003-cü ilin iyulunda ABŞ hərbi qüvvələri ilə döyüşdə həlak olublar.