İran Azərbaycanı: Ana dili günü ərəfəsində həbs dalğası

21 fevral İranda ana dili günündə azərbaycanca təhsil tələbi ilə küçələrə çıxmağa hazırlaşan azərbaycanlı fəalları həbsə atırlar.

Azərbaycan Müdafiə Komitəsindən Səid Nəiminin Amerikanın səsinə verdiyi məlumata görə İran Azərbaycanının bir çox şəhərlərində başlayan həbslər son günlərdə daha da intensivləşib.

Səid Nəiminin sözlərinə görə, Ana dili günü ilə bağlı nümayişlərin keçirilməsi üçün icazə istənsə də fəallar rədd cavabı alıblar, amma mitinqlərin keçirilməsi fikrindən daşınmayıblar.

Fevralın 21-i günorta saat 12-də Tehran universitetində, axşamüstü saat 4-də Təbrizin, saat 4.30-da Urmiyə və Ərdəbilin mərkəzi meydanılarında aksiyaların keçirilməsi gözlənilir. Hamısında da tələblər eynidir: dil hüquqlarının təmin olunması.

Bu arada ən ciddi həbs dalğasının Urmiyədə və Qumda keçdiyi bildirilir. Bu barədə Amerikanın səsinə Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Komitəsinin Türkiyədəki sözçüsü Əlirza Quluncu məlumat verib. Cənab Quluncu Qumda qəribə işgəncə metodunun tətbiq edildiyini bidlirir. Belə ki, burada siyasi məhbuslara zorla mədələrini bulandıran şirin maddə içirilir.

Kanadalı hüquq müdafiəçisi Faxtə Zamani hal hazırda həbslərlə bağlı faktların toplanaraq beynəlxalq təşkilatlara ünvanlandığını söylədi.

Adının təhlükəsizlik məqsədi ilə çəkilməməsini istəyən Ərdəbilli fəal həbs olunmuş yoldaşı Ramin Sadiqi nin həbsi barədə Amerikanın səsinə danışdı.

Əlirza Quluncunun sözlərinə görə, fəalların həbsi mitinqlərin keçirilməsinə mane olmayacaq.

Müsahibələrlə birgə tam reportajı audio-formatda dinləyin