Mirzə Sakitin vəziyyəti ağırlaşıb

Həbsdə olan satirik şair Sakit Zahidovun səhhəti ağırlaşıb. Bu barədə Amerikanın səsi radiosuna Sakit Zahidovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Emin Hüseynov məlumat verib.

Emin Hüseynovun sözlərinə görə, satirik şairin ailəsinin maliyyə vəziyyəti olduqca ağırdır. Sakit Zahidov Bakıdan 80 kilometr aralıda yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Emin Hüseynov Sakit Zahidovun işi ilə bağlı son instansiya - Ali Məhkəmə də keçildikdən sonra Avropa Məhkəməsinə müraciət olunacağını bildirir.

Hələliksə Müdafiə Komitəsi ölkə başçısı İlham Əliyevin Almaniyaya səfəri öncəsi bu ölkənin kansleri xanım Angela Markelə müraciət edib.

Sakit Zahidov əsasən Azadlıq qəzetində dərc olunan həcv janrında şerlərin müəllifi kimi tanınıb. Onun şerlərində Azərbaycan hökuməti, ölkədə korrupsiya və demokratiyaya basqılar kəskin tənqid hədəfi olub.

Emin Hüseynov Sakit Zahidovun məhz şerlərinə görə həbs olunduğunu, lakin şairin həbsindən sonra susdurula bilmədiyini deyir. Mirzə Sakit təxəllüsü ilə yazan şair-jurnalist narkotik satışı ittihamı ilə iyunun 23-də saxlanılaraq 3 il həbsə məhkum olunub.

Tam reportajı audio-formatda dinləyin