Güney Azərbaycanlı jurnalist Human Rights Watch təşkilatından mükafat alıb

Human Rayts Watch təşkilatı əksəriyyəti Asiyadan və Yaxın Şərqdən olmaqla siyasi təqiblərə məruz qalan 45 yazara qrant mükafatları verib. Baş qərargahı Nyu Yorkda yerləşən insan hüquqları qrupu Hellman Hamett mükafatların yazarlara repressiyalara sinə gərməkdə kömək üçün verildiyini bildirir. 22 ölkədən mükafat almış 45 yazardan biri Cənubi Azərbaycanlı jurnalist İnsafəli Hidayətdir. Insafəli Hidayətin mükafata namizədliyi Sərhədsiz Jurnalistlər təşkilatı tərəfindən təqdim olunub.

Mükafatların təqdim olunduğu 22 ölkədən olan yazarların əksəriyyəti Çindən, Vyetnamdan və İran İslam Respublikasından gəlir. Bu il mükafat alanlar hökumətin təqiblərinə, həbslərə, və fiziki hücumlara məruz qalıblar.

İnsafəli Hidayətin təqdimatında deyilir ki, 41 yaşlı jurnalist insane hüquqları ilə bağlı yazdığı yazılara görə həbs olunub. Həbs müddətinin 74 gününü təkadamlıq kamerada, 18 ayını isə adi rejimli kolomiyada keçirən İnsafəli Hidayət məruz qaldığı işgəncələri memuarlarında əks etdirir.

Güney Azərbaycanlı jurnalist öz xatirələrini İran məhbəslərində hələ də işgəncələrə məruz qalan insanlar üçün yazdığını deyir.

Tam reportajı audio-formatda dinləyin. İnsafəli Hidayətlə geniş müsahibəni şənbə günü efirə gedəcək "İran Azərbaycanına Pəncərə" verilişində dinləyə bilərsiniz.