İndoneziya və Pakistan müsəlman ölkələrin sülh təşəbbüslərində iştirakını istəyir

İndoneziya və Pakistan rəhbərləri əksəriyyəti müsəlmanlardan ibarət olan ölkələri Yaxın Şərqdə sülh təşəbbüslərinə qoşulmağa və islam dünyasında cərəyan edən münaqişələri həll etməyə səsləyiblər.

İndoneziya prezidenti Susilo Bambanq Yudhoyono və Pakistan prezidenti Pervez Müşərrəf bu gün Cakartada görüşdükdən sonra bu təşəbbüsə razılıq veriblər. General Müşərrəf deyir ki, onlar həmfikir müsəlman dövlətlərini bir araya gətirərək Fələstində, İraqda və Livanda alovalanan münaqişələrin həlli üçün yeni ideyaların ortaya qoyulmasına çalışacaqlar. Pakistan lideri inandığını bildirib ki, Qərb dövlətləri müsəlman icmasından gələn yeni strategiyaları alqışlayacaq. General Müşərrəf bu qrupa konkret olaraq hansı ölkələrin daxil olacağını bildirməyib.