Belarus Rusiya ilə razılığa gəldiyini bildirir

Bu gecə Belarusun Drujba kəməri vasitəsilə Rusiya neftinin Avropaya nəqli bərpa olunub.

Belarus prezidenti Rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Moskvanı bu ölkəyə və Avropaya xam neft ixracını kəsməyə sövq edən mübahisənin yoluna qoyulduğunu bildirib.

Bu gün Belarusun baş naziri Sergey Sidorski Rusiya neftinin Drujba kəməri vasitəsilə tranzitinə bir neçə gün bundan əvvəl tətbiq edilmiş yeni vergilərin ləğv olunduğunu bildirib.

Minsk vergini Drujba ilə transit olunan və Avropaya çatacaq nefti müsadir etməklə götürürdü, Moskva isə Belarusu neft oğurluğunda ittiham edərək, yanacaq nəqlini dayandırmışdı. Bununla da Polşa Almaniya, Çexiya, Slovakiya və Macarıstana neft təchizatı kəsilmişdi.