İran casusun həbs olunduğunu bildirir

İranın dövlət radiosu və İran parlamentinin üzvü ölkənin nüvə fəaliyəti barədə xəbərləri ötürən bir şəxsin həbs olunduğunu bildiriblər.

Dövlət radiosunun verdiyi xəbərə görə, adı çəkilməyən bir şəxs İranın mübahisəli nüvə fəaliyyəti barədə məlumatları qadağan olunmuş müxalifətçi Xalq Mücahidləri partiyasına ötürüb.

Mücahidlər partiyası İranın nüvə fəaliyyəti barədə xəbərləri bir neçə il əvvəl ictimaiyətə açıqlamışdı. Xəbəri təsdiq edən Məclis üzvü Əhməd Təvəkküli casusluqda şübhəli bilinən şəxsin bir neçə il parlamentin tədqiqat mərkəzində işlədiyini bildirib.

Digər xəbərlərə əsasən, Tehranın nüvə danışıqlarında əsas nümayəndəsi Əli Laricani, əgər ölkəsinə təzyiqlər davam edərsə, İranın Beynəlxalq Nüvə Enerjisinə Nəzarət Agentliyi ilə əməkdaşlığın məhdudlaşdırılacağı ilə hədələyib.