Somaliya hökumət qüvvələri İslamçılarla savaşır

Efiopiya qoşunları tərəfindən himayə edilən Somaliya qüvvələri ölkənin cənubunda qərar tutmuş İslamçı döyüşçülərə qarşı vuruşurlar. Somaliya müvəqqəti hökumətinin komandirləri və əsgərlərin qohumları döyüşlərin Ras Kamboni məntəqəsi uğrunda getdiyini deyirlər. İslamçılar buraya özlərinin Kismayoda yerləşən son istehkamından çəkildikdən sonra gəliblər. Somaliya İslam Məhkəməsi hərəkatının silahlı tərəfdarları ötən həftə müvəqqəti hökumət və Efiopiya qoşunlarının hücumları qarşısında paytaxtı tərk etməli oldular. Son altı ayda İslamçılar az qala bütün ölkəyə nəzarəti ələ almışdılar.