Britaniya naziri Səddamın edamını pisləyir

Britaniya maliyyə naziri Qordon Braun devrilmiş İraq diktatoru Səddam Hüseynin hazırkı İraq hökuməti tərəfindən edam olunma metodunu tənqid edib. Britaniya televiziyasına verdiyi müsahibədə Braun deyib ki, Səddamı edam otağında təhdidlərə məruz qoymaq təəssüfləndirici və qəbuledilməz idi. O, edamı tənqid edən bir neçə rəsmilərdən sonuncusudur. Mobil telefonda videoya alınmış edam səhnəsi göstərir ki, oradakı şahidlər İraq Şiə ruhanisinin adını çəkir və Səddama “cəhənnəmə get” deyirlər.

Braun hazırkı Britaniya baş naziri Toni Bleyeri əvəzləyəcək şəxslərdən biri hesab olunur. Cənab Bleyer inidəyədək Səddamın edamına münasibət bildirməkdən imtina edib lakin o, öz mövqeyini gələn həftə açıqlayacaq. Bu arada BMT Baş Katibi Ban Ki Mun İraq hökumətini Səddamın iki tərəfdaşının edamını təxirə salmağa çağırıb.