Gürcüstan prezidenti Mixail Sakaaşvili deyib ki, Gürcüstan Rusiya ilə mövcud gərginliyin azaldılması üçün kompromizə getməyə hazırdır, ancaq təbii qaz üçün Rusiyanın müəyyən etdiyi yeni qiyməti qəbul etməyəcək. Bu gün Avropa Parlamentində çıxış edən cənab Saakaşvili münagişələrin həlli üçün Rusiya ilə dialoga hazır olduğunu və Gürcüstanın gələcəkdə Avropa İttifaqına üzv olmaq istədiyini bildirib. Gürcüstan prezidenti deyib ki, Rusiyanın təbii qaz qiymətini iki dəfədən çox artıraraq, min kubmetr üçün 230 dollara qaldırmasına görə, ölkəsi alternativ mənbələrdən qaz əldə etməyə çalışacaq. Cənab Saakaşvili bir daha Rusiyanın təbii qazın qiymətini artırmasının siyasi motivlərə əsasaslandığını və bunun Gürcüstanın Qərbi Avropa ilə yaxınlaşma səyləri ilə əlaqəsi olduğunu bildirib.