Fələstində yeni hökumətin təşkili gözlənilir

Fələstinin siyasi liderləri bildirirlər ki, yeni hökumətin təşkili barədə xəbər tezliklə açıqlanacaq. Amerikanın Səsinin müxbiri Cim Tiipl xəbər verir ki, bu siyasi dəyişikliklər İsrail hərbi qüvvələrinin Qəzza Zolağında apardıqları əməliyyatlar zamanı baş verir.

Həmas və Fətah siyasi partiyaları arasında hökumətdə birlik yaradılması barədə məsələnın müzakirəsi aylardır davam edir. Fətah partiyasına başçılıq edən Fələstin prezidenti Mahmud Abbasın İsrailin mövcudluğunu tanıyan və zorakılıqlara son qoyaraq sülh əldə edilməsi üçün çalışan yeni bir hökumət yaratmaq istədiyinə görə hələ ki, indiyə qədər partiyalar arasında razılıq əldə edlməyib. Qeyd edək ki, ilin əvvəlində keçirilən seçkilər zamanı üstünlük qazanaraq Fələstin hökumətinə nəzarəti əlinə alan Həmas bu təkliflərlə razı deyil.

Həmasla Fətah arasında danışıqların keçirilməsinə vasitəçilik edən Fələstin hökumətinin müstəqil qanunvericisi Mustafa Barquti yeni hökumətin Fələstinin müxtəlif partiya liderlərini özündə birləşdirməli olduğunu deyir. Cənab Barquti deyir ki, Həmas yaraqlılarının lideri, hal-hazırda Fəlstinin baş naziri olan İsmail Haniye öz vəzifəsindən azad ediləcək. Lakin o, həmin vəzifəyə kimin təyin ediləcəyi barədə açıqlama vermədi.

Həmas liderləri Mahmud Abbasın təklif edəcəyi yeni baş nazirin namizədliyi ilə razı olacaqlarını bildiriblər. Bütün bunlarla yanaşı hələ ki, Qəzza Zolağında zorakılıqlar davam etməkdədir. Keçən həftənin çərşənbə günündən İsrailin Beyt Hanun qəsəbəsində apardığı hərbi əməliyyatlar davam edir və nəticədə çoxu Fələstin yaraqlıları olmaqla azı 50 nəfərin öldürüldüyü bildirilir.