Bu həftə Azərbaycanlıların hüquqları uğrunda hərəkatın tanınmış simalarından biri Abbas Lisani yenidən həbs edilib. Xatırladaq ki, Abbas Lisaniyə üç məhkəmənin qərarı ilə 16 ay 1 il və 1 il cəza kəsilmişdi. Vəsiqə zəmanəti ilə evə buraxılan Lisaninin apellyasiya şikayətinə baxıldığı dövrdə o, azadlıqda qalmalı idi. Kanadalı hüquq müdafiəçisi Faxtə Zamani bu həbsi qanunsuz sayır.
Xanım Zamaninin sözlərinə görə, Appellyasiya məhkəməsinin Ərdəbil məhkəməsinin 16 aylıq həbs cəzası hökmü haqqında qərarı Lisaniyə həbsdən bir gün sonra təqdim olunub. Abbas Lisaninin xanımı Ruqəyya Lisani bu həftə Amerikanın səsinə verdiyi müsahibəsində qərarın qanunsuz olduğunu bildirmişdi.
Faxtə Zamaninin sözlərinə görə, hal-hazırda verdiyi müsahibələr və həbs barədə məlumatı yaydığına görə Ruqəyya Lisaninin özünü həbslə hədələyirlər. Artıq bu barədə icrasını gözləyən order də verilib. Bu arada bir neçə ay həbsdən sonra Sentyabrın sonunda azadlığa buraxılan vəkil Saleh Kamrani yenidən məhkəməyə çağırılaraq həbslə təhdid edilib. Ona da özünün və xanımı Mina Əsqərinin Amerikanın səsi və digər media nümayəndələri, eləcə də hüquq-müdafiə təşkilatları ilə təmasda olmaları irad tutulub.
Faxtə Zamani Abbas Lisani və digər fəallara qarşı davam edən repressiyalarla bağlı Amnesti İnternational – Beynəlxalq Amnistiya təşkilatının yeni sənəd hazırladığını bildirib. Onun sözlərinə görə, hətta azad ediləndən sonra belə fəallar daim yenidən həbs olunma təhlükəsi altındadır və mütəmadi təhdidlərlə üzləşirlər.