Dövlət Departamenti Azərbaycanda xarici yayımların məhdudlaşdırılmayacağına ümid edir

ABŞ Dövlət Departamentinin sözçüsü Culi Rizayd (Julie Reside) xarici radio-tv yayımlarının Azərbaycanda qarşısının alınması cəhdlərilə ilə bağlı Amerikanın Səsinə bunları bildirib:

“Azərbaycanda idarəçilər Amerikanın Səsi, Azadlıq radiosu və BBC-nin Azərbaycandakı bəzi yayımlarının ölkənin media qanunlarına uyğun gəlmədiyini qeyd ediblər. Bizim Bakıdakı səfirliyimiz hökumət rəsmiləri ilə müzakirə apararaq, həmin yayımların leqal statusunu aydınlaşdırmağa və lazım gələrsə, onları tələblərə uyğunlaşdırmağa çalışır. Biz ümid edirik ki, proqramları dayandırmazdan əvvəl bizə məsələləri yoluna qoymaq imkanı veriləcək.

ABŞ Azərbaycan hökumətinin və vətəndaşlarının siyasi plürailzmi genişləndirmək və demokratik təsisatları gücləndirmək səylərini dəstəkləyir. Azad və müstəqil media demokratik cəmiyyətin başlıca elementidir. Biz Azərbaycan hökumətini jurnalistlərə və media təşkilatlarına öz işlərini görə bilməsi üçün lazımi imkanlar yaratmağa çağırırıq.” Dövlət Departamentinin başqa bir rəsmisi habelə deyib ki, “biz məsələnin yoluna qoyula biləcəyini gözləyirik.”