ABŞ-ın dövlət katibi İraqdadır

Birləşmiş Ştatların dövlət katibi Kondolizza Rays bu gün Yaxın Şərqdən İraqa gedib. Xanım Rays İraqın siyasi partiyalarını aralarında olan fikir ayrılıqlarına və təriqətlərarası zorakılıqlara təcili olaraq son qoymağa çağırıb. Kondolliza Rays müxbirlərlə görüşü zamanı deyib ki, İraq liderlərinin fikir ayrılıqları ilə bağlı sonsuz debatlara vaxtı yoxdur və hal-hazırkı təhlükəsizlik qanunları da qəbuledilməzdir.

Qeyd edək ki, xanım Raysın Bağdada səfəri İraqda son zamanlar zorakılıqların artdığı vaxta təsadüf edir. Belə ki, son 4 gün ərzində İraqda 20-dən çox Amerika əsgəri qətlə yetirilib. Bunlarla yanaşı, Birləşmiş Ştatlar hərbiçilərinin sözçüsünün bildirdiyinə görə, bu gün səhər Əl Anbar vilayətində keçirilən reyd zamanı bir neçə yaraqlı qətlə yetirilib. Hərbi sözçü eləcə də deyib ki, yaraqlıların lideri Əbu Həmzə əl Muhajerin hələ də sağ olduğuna inanılır.