İran: Azərbaycanlı fəalların məhkəmələrinin keçirildiyi məqamda Mahmud Əhmədinejadın Qərbi Azərbaycan səfəri qalmaqala səbəb olub

Dünən Kəlheybər şəhərində Azərbaycanlıların hüquqları uğrunda hərəkatın liderlərindən biri Abbas Leysaninin məhkəməsi keçirilib. Bu barədə Amerikanın səsinə Təbrizdə yerləşən Azərbaycan Müdafiə Komitəsinin sədri Səid Nəimi xəbər verib.

Nəiminin sözlərinə görə, Abbas Leysaninin May hadisələrində iştirakı ilə bağlı məhkəmə Ərdəbildə keçiriləcək. Kəlheybərdəki məhkəmə isə bir il bundan öncə, Babək qalasına yürüşlə bağlı Abbas Leysaniyə kəsilən bir illik məhkəmə hökmünün appellyasiya dinləməsi idi.

Dünən sentyabrın 3-də daha bir məhkəmə Rza Abbasi adlı Zəncanlı fəalın işinə baxmağa başlayıb.

Qeyd edək ki, məhkəmənin İnqilab məhkəməsində keçirilməsi, haqqında həbs cəzası kəsiləcək müttəhimləri, avtomatik olaraq, siyasi məhbus kateqoriyasına aid edir.

Bu arada İran prezidenti Mahmud Əhmədinejadın Qərbi Azərbaycan şəhərlərinə səfərinin qalmaqalla bitdiyi qeyd edilir. Səid Nəiminin də təsdiqlədiyi xəbərlərə görə, İran prezidenti Mahmud Əhmədinejadın Sulduz, Makı və Qoşaçay şəhərlərində əhalinin geniş kütlələri ilə görüşü alınmayıb.

İran azərbaycanlılarının internet xəbər vasitələri, ümumiyyətlə, qərbi azərbaycanlıların Əhmədinejadı etirazla qarşıladığını bildirib. Sentyabrın 2-də Sulduzda Əhmədinejadın çıxışı «Türki danış!» şüarları ilə kəsilib.

Urmiyə televiziyası Əhmədinejadın görüşü ilə bağlı maraqlı bir məqamı yayıb. Xalqın dərdini dinləməməkdə ittiham edilən fərmandar haqqında Əhmədinejad deyib: «o, sizi dinləməsə, onun qulağını çəkərəm». Bu Əhmədinejad tərəfindən səsləndirilən ilk belə hədə deyil. Bir neçə gün öncə Xoy şəhərindəki çıxışı zamanı da Əhmədinejad yerli məmurları qulaqlarını kəsəcəyi ilə hədələmişdi.

İran prezidentinin Sulduz, Makı və Qoşaçayda görüşlərinin yarımçıq qoyduğu bildirilir. Yerli müşahidəçilər tezliklə Qərbi Azərbaycan vilayətində kadr dəyişikliklərinin olacağını qeyd edir.

Reportajın tam variantını audio-formatda dinləyin