Kondoliza Rays Beyrutda səfərdədir

Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays gözlənilmədən Beyruta səfər edib. Livan rəsmilərilə görüşən xanım Rays vəziyyəti müzakirə edib və Livana yardım vədini verib. Dövlət katibi Kondoliza Rays güclü təhlükəsizlik şəraitində bu gün axşam vertolyotla Kiprdən Beyruta gedib. O, Livanın baş naziri Fuad Siniora daxil olmaqla, ölkənin digər siyasi liderlərilə görüşüb.

Xanım Rays ABŞ-ın terrorçu təşkilatlar siyahısında olan Hizbullahın nümayəndələri ilə görüşməyib. Dövlət katibi Rays baş nazir Sinioranı cəsarətli və qətiyyətli şəxs adlandıraraq ona təşəkkürünü bildirib. O, deyib ki, ən mühüm məsələ atəşkəs üçün əlverişli şəraitin yaradılmasıdır. O, tərəfləri dərhal, lakin davamlı atəşkəsə çağırıb.

Xanım Raysın bu bəyanatı İsrailin yüksək vəzifəli rəsmilərinin Livanda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinin razılıq hissi ilə qarşılaşacağını bildirdiyi vaxta təsadüf edir. İsrailin müdafiə naziri Amir Perets isə bildirib ki, İsrailin quruda keçirdiyi hərbi əməliyyatlar atəşkəsin ilkin şərti olmalıdır.

Yaxın Şərqə səfər edən xanım Rays İsrailin baş naziri Ehud Olmert və Fələstin prezidenti Mahmud Abbasla da görüşəcək.