Zərqavi İraqda dəfn edilib - qəbrin dəqiq yeri gizli saxlanılır

İraq rəsmiləri bildirirlər ki, iyunun 7-i ABŞ hərbi qüvvələrinin hücumu nəticəsində qətlə yetirilən Əl-Qaidanın İraqdakı lideri Əbü Musab əl-Zərqavi ölkənin naməlum bir yerində dəfn edilib.

İraqın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Müvafaq Əl Rubai bu məlumatı bu gün açıqlayıb. Birləşmiş Ştatların hərbi qüvvələrinin rəsmiləri məlumatı təsdiq edib, lakin bununla bağlı detalları açıqlamaqdan imtina ediblər. Əl-Qaidə lideri Üsəma Bin Laden, həmçinin Əl Zərqavinin ailəsi onun cəsədinin İordaniyada dəfn olunmaq üçün qaytarılmasını istəmişdilər. Rəsmi Əmman təhlükəsizlik səbəblərinə görə, bu çağırışı rədd etmişdi.

Bu arada, İraqda zorakılıqlar davam edib. Rəsmilər bildirirlər ki, Bağdadın mərkəzində maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində 2 adam həlak olub, azı 8 nəfər isə yaralanıb. Polisin bildirdiynə görə, parlamentin şiə üzvü İyad Camaləddinə qarşı təşkil edilmiş sui-qəsd baş tutmayıb. Belə ki, yol kənarına yerləşdirilmiş bomba onu müaşyət edən maşın karvanı keçdikdən sonra partlayıb. Bu, son iki gündə qanunvericilərə qarşı həyata keçirilən ikinci əməliyyadır.

Dünən yaraqlılar parlamentdə sünni ərəb qanunverici xanım Taisir Əl-Məşədanini 7 can güdənilə birlikdə girov götürüblər. Parlamentdə ən böyük sünnü ərəb blok xanım Taisir girovdan azad edilməyinə qədər parlamentin sessiyasını boykot edəcəyilə hədələyib. İraq hökuməti bu gün axtarışda olan 41 nəfərin siyahısını açıqlayıb. Onların arasında Səddam Huseynin həyat yoldaşı, böyük qızı və Əbü Musab Əl-Zərqavinin yerinə təyin edilən Əbü Əyyüb Əl Məsrinin adları da var.