Diskaveri kosmik gəmisinin fəzaya buraxılması yenə təxirə salındı

Qasırğalı hava şəraiti Birləşmiş Ştatların kosmik agentlıiyi NASA-nı son bir ildə ilk şattl buraxılışını yenidən təxirə salmağa məcbur edib.

NASA rəsmiləri öncədən də bildirmişdi ki, duman və yağışın kosmik gəminin fəzaya buraxılmasına mane olacağı ehtimalı 70%-dir.

Qeyd edək ki, hava şəraitinin pis olması “Diskaveri” gəmisinin Florida ştatındakı Kennedi Kosmik mərkəzindən fəzaya buraxılmasına dünən də mane olmuşdu.

“Diskaveri” üç il bundan öncə “Kolumbiya” şattlının Yer atmosferinə daxil olarkən yeddi astronavtın ölümünə səbəb olan qəzaya uğramasından sonra fəzaya buraxılması planlaşdırılan ilk kosmik gəmidir.

Qeyd edək ki, NASA-nın baş təhlükəsizlik meneceri və baş mühəndisi “Kolumbiya”nın qəzaya uğramasının səbəbləri tam aydınlaşdırılmayınca Diskaverini fəzaya buraxmağın əleyhinə çıxış ediblər. Lakin Kosmik agentliyin rəhbərliyi bu dəlillərlə razılaşmayıb.