ABŞ və Yaponiya Şimali Koreya məsələsində həmrəydirlər

Prezident Buş Yaponiyanın baş naziri Yuniçiro Koizumi ilə Ağ evdə görüşündən sonra verdiyi açıqlamasında Şimali Koreyanın uzun mənzilli raketləri sınaqdan keçirməsinin qəbuledilməz olduğunu deyib. Bu gün keçirilən görüşdə president Buş Yaponiyanı İraq və Əfqanıstanda keçirilən əməliyyatlara dəyərli töhfəsini vermiş güclü müttəfiq adlandırıb. O bildirib ki, Birləşmiş Ştatlar və Yaponiya terrora qarşı qlobal müharibədə və Çimali Koreyanı nüvə proqramından əl çəkməyə təşviq etmək istiqamətində birgə səylər göstərirlər. Kəşfiyyat məlumatlarında Şimali Koreyanın uzun mənzilli ballistik raketlərin sınaq atəşini açmağa hazırlaşdığı bildirilir. Prezident həmçinin Şimali Koreyadakı humanitar vəziyyətdən dərin narahatlıq keçirdiyini deyib. Prezident Buşun Yuniçiro Koidzuminin şərəfinə ziyafət verəcəyi, sabah isə Elvis Preslinin pərəstişkarı olan yapon liderinin rok-n-roll ustadının vətəni Memfis şəhərinə səfər edəcəyi gözlənilir.