Birləşmiş Ştatların qərbində isti və quru hava hökm sürür. Bu isə həm də yanğınların olduğuna işarədir. Şimali Amerikada yanğınlar mövsümü çox gərgin başlayıb. Maks Fratus Kaliforniyanın Syerra dağlarında minlərlə evin dağılmasına səbəb olan yanğınlarla mübarizə aparır. Onun sözlərinə görə, bu ilki yanğınlar öncəkilərdən çox fərqlidir: “Mən bütün ömrünü yanğınsöndürən işləyən adamlarla söhbət etmişəm. Atəşin gücündən tutmuş, yayılma xarakterinə qədər, son yanğınlar o qədər intensivdir ki… Bizim təcrübəmizdə belə hallar olmayıb. Biz bacardığımızı edirdik. Amma yanğın sanki bizim onu söndürmək üçün tökdüyümüz maddələrə məhəl qoymurdu. Mən bu tərəflərdə boya başa çatmışam və mənə buranın yandığını görmək çox ağırdır. Mən hələ belə yanğın görməmişəm”. Meşə yanğınının qarşısını almaq üçün ən əsası ondan vaxtında xəbər tutmaqdır. Şimali Kaliforniyada ənənəvi gözətçiləri və yanğın qüllələrini indi kompüterləşdirilmiş kameralar əvəzləyir. Bu kamera sisteminə yanğın qırğısı adı qoyublar. Kaliforniyanın meşə nəzarəti servisindən Deyl Makgilin sözlərinə görə, sistemin işə salındığı elə ilk gündəcə yanğınlar barədə xəbərlər alınmağa başladı. Bu, başlanan güclü yanğınların ilk işarələri idi. Bu kameraların sayəsində hər hansı bir məntəqədə müşahidə olunan tüstülənmənin böyük yanğına çevriləcəyi, yaxud ciddi bir şey olmadığını da söyləmək olur. Kamera dörd dəqiqədən bir 360 dərəcə çevrilir və gündüzlər tüstüyə, gecələr isə istiliyə görə yanğınları müəyyənləşdirir. Hər hansı bir problem müşahidə olunan kimi həmin sahənin rəqəmli xəritəsi hazır olur. Sistemin effektli olduğu artıq sübut olunub və onu bir çox yerlərdə quraşdırmaq lazımdır. Kaliforniyada ABŞ-ın kosmik agentliyi NASA da özünün UAS pilotsuz uçan sistemlərini yanğınsöndürmə üçün istifadə edir. NASA-nın eksperti Vins Ambrosia deyir ki, əgər yanğının dəqiq yeri məlum deyilsə, pilotsuz uçan qurğudan istifadə edərək bunu müəyyənləşdirmək, hətta yanğının yayılma arealı, gücü və təhlükə ilə üz-üzə qalmış insanların olub-olmadığı barədə məlumatlar almaq olar. Onlar məntəqənin termal görüntüsünü və alınan bütün məlumatları yerdəki səyyar rabitə stansiyasına ötürür. Lakin, görünür, bütün bunlar da kifayət deyil. Bu il Birləşmiş Ştatların qərbində artıq bir milyon hektardan çox ərazi yanıb və yanğınsöndürənlər indi Şimali və Mərkəzi Arizonadakı meşə yanğınları ilə mübarizə aparırlar.