Həmas üzləşdiyi çətinliklərdə ABŞ-ı günahlandırır

Fələstin Muxtar İdarəsinə başçılıq edmən Həmas qrupu üzləşdiyi iqtisadi çətinliklərin təqsirini Birləşmiş Ştatların üzərinə atır. Həmas Muxtar Idarəsində çalışan 165 min fələstinlinin iki aylıq maaşını ödəmək üçün Ərəb Birliyi tərəfindən verilən pulun Fələstinə köçürülməsinə maneə törətməkdə Birləşmiş Ştatları qınayır.

Birləşmiş Ştatlar və Avropa Birliyi bildirirlər ki, Həmas zorakılıqlardan əl çəkmədiyinə, Fələstin Muxtar İdarəsi ilə İsrail arasında bağlanan müqavilələrə əməl etmədiyinə və İsrailin mövcudluğunu tanımadığına görə hər il idarəyə verdikləri təxminən bir milyyard dollar məbləğindəki yardımı dayandırıblar.

Həmas Ərəb dövlətlərinin fərqli hərəkət edəcəklərinə ümid bəslədiyini bildirir. Birləşmiş Ştatlar və Ərəb Birliyi pulun birbaşa Fələtin hökumət qulluqçularının əmək haqqı hesabına köçürülməsini təklif edir.

Fələstinin siyasi təhlilçisi Bassam Eid deyir ki, fələstinlər hər hansı bir müstəqil iqtisadiyata malik deyillər. Onların iqtisadiyyatı ianədən ibarətdir. Onlar bunu beynəlxalq ictimaiyyətdən əldə edirlər.

Jerusalem post qəzetinin müxbiri Orly Halperin isə deyir ki, əgər Həmas Ərəb ölkələrinin ya da İranın Fələstin Muxtar İdarəsini dəstəkləyəcəklərini düşünürsə o səhv edir. Çünki təkcə İsrail Fələstin işçilərinin tibbi sığortasına, müəllimlərə, mülki idarə işçilərinə və təhlükəsizlik qüvvələrinə əmək haqqı hesabına hər ay təxminən 116 milyon dollar pul köçürür. Həmasın vəziyyətdən çıxış yolu tapmaq üçün çox az vaxtı var.