Prezident Buş İranda dəyişikliklər məqsədi ilə Konqresdən 75 milyon istəyir

Prezident Buş İranın gizli şəkildə nüvə silahı inkişaf etdirdiyini deyir. İran isə uran zənginləşdirilməsini elektrik enerjisi əldə etmək məqsədi ilə həyata keçirmək istədiyini israr edir. BMT-nin Təhlükəsizlik Şurası ilə müzakirələrdən sonra prezident Buş deyib ki, beynəlxalq İctimaiyyət iranın nüvə silahı istehsal etmədiyinə əmin olmalıdır. O deyib: “Dünya Tehran rejiminə açıq mesaj göndərir. Biz İrana nüvə silahı əldə etməyə imkan verməyəcəyik.”

Qeyd edək ki, BMT-nin İrana qarşı qoyduğu sanksiyaların qarşısını almaq məqsədi ilə Rusiyanın uranı onun ərazisində zənginləşdirmək təklifi barədə danışıqlar aparmaq üçün Çin və Rusiya rəsmiləri Tehranda görüşlər keçirirlər.Bu görüşlər Beynəlxalq Atom Enerji Agentliyinin dövlətlərə nüvə proqramı barədə son xəbərdarlığından bir gün əvvələ təsadüf edir.

Prezident Bush eləcə də, növbəti hesabatla tanış olmayınca İranın nüvə proqramı barədə qərar çıxarmayacağını deyib. O, Tehranın nüvə proqramı ilə əlaqədar davranışını aqressiv adlandıraraq, belə davranışın onu beynəlxaq ictimaiyyətdən təcrid edəcəyini deyib.

İranın nüvə ambisiyalarını və terrorizmə sponsorluğunu nəzərə alaraq prezident Buş Konqresdən İrandakı zülmkar rejimə qarşı mübarizə məqsədilə 75 milyon dollar istəmişdir. Prezident deyib ki, Vaşınqton 75 milyon dolların İranda dəyişikliklərə gətirib çıxara biləcək radio və televiziyanın inkişafına sərf edəcək. Bu maliyyə yardımı həm də, tələbə mübadiləsini artırmaqla çoxlu sayda İranlının azad cəmiyyətdəki həyatla tanışlığına imkan yaradacaq.